“Şahdağ Qusar” 200-cü qələbəsini qazandı

Bu mövsüm İkinci Liqada mübarizə aparan “Şahdağ Qusar” komandası Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2023/2024 mövsümünün 13-cü turu çərçivəsində “Göygöl”ə qalib gəlib. Qusarlılar səfərdə 4 cavabsız qol vurublar.

Bu, Şahdağ təmsilçisinin İkinci Liqada 8-ci qələbəsi olub. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümə qədər fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, Birinci Liqada (əvvəl Birinci Dəstə və Birinci Divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəsi ümumilikdə 558-ci görüşündə əldə edib.

“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qələbəsi 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: