“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Araz-Naxçıvan” ağır rəqibdir. Futbolçularıma təşəkkür edirəm. Ağıllı oynayaraq nəticə qazandılar. İkinci qolu vursaydıq, daha asan olacaqdı.
Bu gün Pedro Nuno, Yusif Nəbiyev və David Qomis zədəli halda oynayırdılar. Tam formada deyillər. Bundan da yaxşı oynaya bilərik”.
Şahin Diniyev komandasının ardıcıl 5 qələbə qazanmasına baxmayaraq, heç bir eyforiya olmadığını iddia edib:
“Tam əminliklə deyə bilərəm ki, eyforiya yoxdur. Eyforiyaya qapılmamalıyıq. Mən buna imkan verməyəcəm. Yuxarı çıxmaq asandır, orada qalmaq çox çətindir. Artıq hər komanda bizi ciddi qəbul edəcək. Bəlkə də kimlərinsə gözləmədiyi yerdəyik.
Ərzurumda toplanışda olanda anladım ki, bu futbolçularla nəsə etmək olar. Komandanın oyunu bizə gələcəyə ümidlə baxmağa əsas verir. Potensialımız var. Avrokuboklarda oynamağı söz verməmişəm. Amma bacardıqca yuxarılarda olmağa çalışacağıq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətini belə şərh edib:
“Oyunu izləyənlər gördülər ki, komandamız çox yaxşı futbol oynadı. Bu gün uğurlu nəticə qazana bilmədik. Amma heç bir halda üzülmək lazım deyil. Vəziyyəti real təhlil edib sabaha baxmaq lazımdır. Futbolçularımın yanındayam. Sevinirəm ki, bu gün çoxlu qol epizodu yarada bildik. Bəzi epizodlarda tələsirdik. Əsasən də orta xətdə. Bu da futbolçuların təcrübəsizliyindən irəli gəlir. Matça beş yerli oyunçu ilə başladıq. Elə futbolçulardır ki, çoxdandır Premyer Liqada oynamırlar. İnanıram ki, bir az da üstünə qoyacaqlar”.


