“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun haqda geniş danışmaq istəmirəm. Hər bir komponentdə “Sabah”a uduzduq. Komanda meydana çıxanda sanki qorxurdu. Durum o yerdədir ki, qalan oyunları birtəhər yola verməliyik. “Turan Tovuz”la matçdan sonra böyük problemlərimiz var. Oyunçu qıtlığını deyirəm. Artıq üçüncü oyunçumuz əməliyyata yollanacaq. Rotasiya üçün böyük heyətimiz yoxdur. Problemlərimiz çoxdur. David Qomis də olmayacaq. İki oyunu başa vurmalıyıq. Yəqin ki, transferlər edəcəyik. 16 turda ilk dəfə idi ki, birinci hissəni belə keçirirdik. Heç vaxt belə olmamışdı. Komandadan, nəticədən və oyunumuzdan narazıyam. Amma futboldur, dünyanın axırı deyil. Hər komandada eniş olur. Bizdə də həmin eniş gedir. İki oyunu uğurla başa vurmaq istəyirik. 4-5-ci yerlərdəyik. Artıq ehtiyatımız qalmayıb. İtkilərə baxmayaraq, qarşıdakı iki oyuna və kubok matçına hazırlaşmalıyıq”.
Şahin Diniyev qışda yeni transferlər edəcəklərini də söyləyib:
“Komandanın nə vaxtsa enişə gedəcəyini gözləyirdim. Çox çətin durumdayıq. Bütün bunlara baxmayaraq, biz heç nədən əl çəkmirik. Həmişə sözümü tutan adam olmuşam. Yanvardan sonra daha yaxşı “Səbail” görəcəksiniz. Sadəcə çempionatın son iki oyununu uğurlu başa vurmalıyıq ki, yanvardan sonra həmin yerdə qalaq. Fasilədən sonra yaxşı yerlərə gedib çıxacağıq. Qışda yaxşı futbolçu tapmaq çox çətindir. Seleksiya şöbəsi var, hər gün 3-4 oyunçuya baxırıq. Bizə uyğun oyunçu olmalıdır. David Qomisin sıradan çıxması transfer məsələlərini daha da aktivləşdirməyimizə səbəb olacaq. Çalışacağıq ki, ən yaxşılarını seçək. Dözməli və səbr etməliyik. Təzyiqlərə tab gəlməliyik”.
“Sabah”ın məşqçisi Artur Olenin isə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Çox yaxşı oyun oldu. Dominant tərəf idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Baxmaq lazımdır ki, nəyə görə saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik. Vəziyyəti düzəltməyə çalışırıq. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir”.


