“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün hər cür nəticə qeydə alına bilərdi. “Sabah” yaxşı komandadır, keyfiyyətli oyunçuları var. Təşkilatlanmış kollektivdir, bəlli oyun stilinə sahibdirlər. Bizim üçün çətin idi. İlk yarıda hücum qurmağa tələsirdik. Fasilədən sonra daha dinamik futbol izlədik, oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Azarkeşlər üçün də maraqlı matç alındı. Qapılar qarşısında yetərincə qol epizodları yarandı.
Bu gün “Səbail” kompakt oynadı, komanda futbolu sərgilədi. Futbolçular meydanın hər qarışı uğrunda canlarını, başlarını qoymağa hazır idilər. Komandanın toparlanması məni sevindirir. Müdafiədə səhvlər etmədik. Hücumda potensialımız böyükdür. Sadəcə, müdafiədə kobud səhvlər olurdu. Ötən oyunda iki müdafiəçimizin “hədiyyə”sindən sonra 2:2 olmuşdu. Bu gün həmin hədiyyələr olmadı. Komanda düzgün yoldadır. Artıq stabil heyətə yaxınıq. Stabil heyət olacaqsa, stabil oyun və stabil nəticə olacaq”.
Şahin Diniyev ağır zədə keçirmiş Ağabala Ramazanovun durumu barədə də danışıb: “Fərdi şəkildə sağlamlıq idmanı ilə məşğuldur. Peşəkar idmanla yox. Özünü bərpa etdikdən sonra martda məşqlərə qayıda biləcək”.
“Səbail” bizi əks-hücumlarda tutmağa çalışırdı” – Qafitullin
“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Birinci hissədə hər iki komandanın məğlub olmaq istəmədiyi görünürdü. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, “Səbail”də fərdi ustalığı yüksək olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. “Səbail” bizi əks-hücumlarda tutmağa çalışırdı. Elə də oldu”.


