Şahin Diniyev: “Limitin indiki kimi qalmasının tərəfdarıyam”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin matç keçdi. Bu il qələbə qazanmamışdıq. Futbolçularda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmaq lazım idi. İlk hissədə havaya görə oynaya bilmirdik. Futbolçular qaça bilmirdilər. Zədəlilərdən və yeni gələnlərdən sonra stabil heyəti qura bilmirik. Yeni oyunçuların üçü də yaxşıdır. Amma onlara zaman lazımdır. Qərara aldım ki, bu futbolçular oyunu gücləndirə bilər. Əvəzetmələrimiz uğurlu oldu, bəhrəsini verdi. Bizim üçün çox vacib qələbə idi.

Bu gün Anas Najahın olmaması oyunumuza çox təsir etdi. O, meydanda qara işləri görəndir. Yadin Luqasi müdafiə planında bir az axsayır. Gənc oyunçudur. Öz şansını gözləyir”.

Təcrübəli mütəxəssis son dövrlərdə gündəmdə olan legioner limitinin dəyişdirilməsi ilə bağlı müzakirələrə də münasibət bildirib:

“Klubların sayı artarsa, razıyam. Amma bu gün Azərbaycan futbolunu düşənməliyik. Milli komanda necə olacaq? İndiki halda hazırkı limitin qalmasının tərəfdarıyam”.

Şahin Diniyev komandasının cari mövsümdəki çıxışına da qiymət verib: “Artıq orta sıralarda möhkəmlənmişik. 3 illik llayihəmiz var. Akademiyanın köçürülməsi, stadionumuzun ot örtyünün dəyişdirilməsi kimi planlarımız var. Şəhərdən kənarda iki təbii örtüklü meydança salınacaq. Əhmədlidə akademiyamız üçün bina tikilib. Hər il daha da irəli getməyi hədəfləyirik. Mənim istədiyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 illik də olsa, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları müzakirə edirik”.

“Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Qol epizodlarımız olsa da, vaxtında onları dəyərləndirə bilmədik. Rəqib isə ələ düşən fürsətlərdən maksimum yararlandı. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Belə oyunlar bizə daha da stimul verməlidir. Komandama inanıram. Daha yaxşı futbol oynayacağıq.

Komanda daha çox hücum edəndə, müdafiədə boşluqlar olur. Hər kəs həm hücum etməyə, həm də müdafiə olunmağa çalışırdı.

Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürürk. Bura gəlmişik, işimizi sona çatdırmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: