“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dörd matçdır qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun alındı. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Amma fikrimcə, bu gün komanda rahat oynadı. Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Düzgün istiqamət tutmuşuq. Davam etmək lazımdır. Qışda bir az da güclənməliyik. “Qəbələ”yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər. Qəbələdə futbol adına hər şey var. “Bakı” və “Qəbələ” akademiyasının hesabına bu gün yerli futbolçular bütün Premyer Liqa klublarını doldurublar. “Qəbələ”nin durumu təəccüblüdür. İnanmıram ki, bu komanda Premyer Liqanı tərk etsin. Məncə, tez bir zamanda bu durumdan çıxacaqlar. “Qəbələ” olmasa, o meydançalar,o uşaqlar kimə qalacaq? “Qəbələ”nin yox olması Azərbaycan futboluna böyük zərbə olacaq.
Bu gün 7 əsas futbolçumuz meydanda yox idi. Kiçik bir komanda üçün bu, çox çətindir. Belə məqamlarda rotasiya etməlisən. Hüseynəli Quliyev də bu məqama hazır olmalıdır. Bu gün Səlahət Ağayev Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçılarındandır. Bu gün belə qərar verdik. İtkilərimiz çox idi. Hüseynəli mənim inandığım qapıçıdır.
Mövsümün əvvəlində demişdim ki, yerimizə baxıb hərəkət edəcəyik. Hazırda normal yerdəyik. Avrokuboklardan çox uzaq deyilik. Buna görə də risk etmək lazım olacaq. Qışda 3 futbolçu transfer etməyə çalışacağıq. Zədəlilərimiz də qayıdacaq. Çoxluq yaratmaq istəmirik. Transfer çalışmalarımız çoxdan başlayıb”.
Şahin Diniyev bu oyunda debüt şansı yaratdığı gənc futbolçu Ayaz Mikayılovdan da danışıb: “Ayaz çox yaxşı futbolçudur. Onun valideynləri avtomobil qəzasında həlak olublar, tək uşaqdır. Əvəzedici komandada Ayazı izləyirəm. Onun arxasında “Səbail” var, şəxsən mən varam. Ayazın futbolçu olması üçün çox çalışacağam. Bu gün onun əsas heyətin üzvü olduğunu demək düzgün olmaz. Amma cavanlara şans verməliyik. Kubok matçında əvəzedici heyətdən daha 4 oyunçu gətirəcəyik”.
“Komanda oyuna ruhsuz çıxmışdı”
“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov isə darmadağını belə şərh edib:
“Həftə ərzində çalışdıq ki, oyunçuları motivasiya edək, təmasda olaq, danışaq. Komanda oyuna ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq. Komanda ilə təmasda olub, problemlərini öyrənmək istəyirik ki, məqsədləri nədir. Oturub futbolçularla danışırıq, onlar problemləri olmadığını deyirlər. Çalışırıq ki, oynayaq, amma alınmır. Bu matça necə hazırlaşmışdıqsa, “Sabah”la da oyuna elə hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək. Komanda turnir cədvəlinin aşağı pillələrində olduğu üçün oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil. Futbolçular bir şey olan kimi, hakimə, rəqibə reaksiya verirlər. Ona görə qırmızı alırlar. Onları cəzalandırırıq. Gələcəkdə belə hal olsa, yenə cəzalandıracağıq. Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq”.


