Şahin Diniyev “Səbail”də qaldı – Rəsmi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”də baş məşqçi Şahin Diniyev ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının qərarına əsasən, Diniyevlə 1 illik yeni müqavilə imzalanıb.

İddialara görə, baş məşqçinin postunda saxlanılmasında Diniyevin rəhbərliyin yeni şərtlərinə razı olması əsas rol oynayıb. Belə ki, təcrübəli məşqçi büdcənin əhəmiyyətli şəkildə azaldılmasına razılaşıb. Bu üzdən də “Səbail” rəhbərliyi baş məşqçi postunda dəyişikliyə ehtiyac duymayıb.

Diniyev 2022/2023-cü illər mövsümünün qış təlim-məşq toplanışından etibarən bu komandaya rəhbərlik edir. O, ilk mövsümündə komandanı çətinliklə də olsa, elitada saxlamağı bacarmışdı. 2023/2024 mövsümündə isə Diniyevli “Səbail” 10 iştirakçı arasında 7-ci olub. “Dənizçilər” keçirdikləri 36 oyunda 11 qələbə qazanıblar, 9 heç-heçə ediblər, 16 məğlubiyyətə üzülüblər. 42 xal toplamış “Səbail” yalnız “Araz-Naxçıvan”, “Kəpəz” və “Qəbələ”ni qabaqlamağı bacarıb. Halbuki, paytaxt təmsilçisi son turlara kimi avrokuboklara vəsiqə qazanmağa əsas namizədlərdən biri hesab olunurdu.

Şahin Diniyev “Səbail”i bütövlükdə 60 oyuna çıxarıb. Komanda bu oyunlarda 18 qələbə qazanıb, 13 heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Diniyev məşqçilik karyerası ərzində “Kəpəz”, “Rəvan”, “Terek” (Qroznı), “Qarabağ”, “Şəfa” kimi klublarda da çalışıb. O, həmçinin Azərbaycanın U-16, U-18 və əsas yığmalarında baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: