Şahin Diniyev: “Təsadüfi yox, layiqli qələbə qazandıq”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “dənizçilər”in çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox gərgin, dramatik oyun idi. Komandam xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk yarıda üstünlük “Turan Tovuz”un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular ritmdən düşmüşdülər. Fasilədə sakit formada danışdıq. Bunu bacardıq. Beyin sakitləşəndən sonra bədən istədiyini edə bilir. Çox yaxşı oynadıq fasilədən sonra. “Turan Tovuz” da yaxşı oynadı. Gözləməzdim ki, ilk yarıda belə aqressiv olarlar. Onlara uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Başqa qol epizodlarımız da var idi. Layiqli qələbə qazandıq, təsadüfən yox. 12-ci turdur, hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır.

Səlahət Ağayevin epizodu ilə bağlı hakim VAR-a baxanda mən də baxdım, top dizinə dəydi, sonra əlinə. Başına dəyib, əlinə dəyirsə, sarıdır. Dərhal əlinə dəysəydi, qırmızı vərəqə olacaqdı”.

Şahin Diniyev bu oyunda üç futbolçusunu zədə səbəbindən itirməsinə də münasibət bildirib: “Həm də əvəzetmələrimiz bitmişdi. Hər biri də əsas oyunçularımızdır. Müdafiədə itkilərimiz çoxdur. Gözləyirik ki, ikinci dövrə tez bitsin və buna əncam çəkək. Limitə düşənləri itirmək olduqca çətindir. Karyeramda belə gərgin, xarakterli, itkili, dramatik oyun olmayıb. Yadıma gəlmir belə oyun”.

“Hakimlər bizə qarşı qərəzlidir”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətini belə şərh edib:

“Ağabala Ramazanova görə çox üzgünük. Sağlamlıq hər şeydən önəmlidir. Allah ona şəfa versin. Hər iki komanda pis oldu. Birinci hissədə oyunun taleyi həll oluna bilərdi. Çox təəssüf. Demişdim ki, fasilədən sonra ilk beş dəqiqə diqqətli olmalıyıq. Rəqib irəli atılacaqdı. Gözlədiyimiz, qorxduğumuz epizoddan qol buraxdıq. Penalti isə maraqlı epizod idi. Ümumən, hakimlik bərbad oldu. Azərbaycanda yeni qaydalar çıxır. Eşitdiyimə görə, hər yerdə 17 qayda var, bizdə isə 18. Qapıçı ilə təkbətək çıxanda son ümid fouluna sarı da vermək olar. Hakim dedi ki, əlinə başından dəyib. Hakimlik bərbaddır. Günü-gündən də pisləşir. Hakimlərin özləri qanunu bilmir. Hərə bir söz deyir. Elə qayda çıxır ki, gərək gedib hakimliyi oxuyaq. Bilmirəm, sadəcə biabırçılıqdır. Hələ ki, hakimlər bizə qarşı qərəzlidir. Şikayət? Kimə şikayət edək? Hakimlikdən kiməsə şikayət edəndə nəsə olub? Təəssüf ki, hakim həmişə haqlıdır.

İkinci yarıda rəqib müdafiədə oturdu. Qol epizodlarını vura bilmədik, günah özümüzdə idi. İlk yarıda matçın taleyini həll etməliydik. Futbolçularımızın əzmkarlığından razıyam. Təəssüf ki, nəticə olmadı. Amma oyun baxımından üstün idik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: