Şahin Diniyev “Turan Tovuz” üzərindəki qələbədən danışdı

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“O qədər də sevinmirəm. Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi. O, bu komandanın formalaşmasında böyük rol oynayıb, legionerlərin bura gəlməsi üçün bəlkə 300-dən çox oyun izləyib. Ruhu şad olsun, nur içində yatsın.

Oyuna gəlincə, “Turan Tovuz” güclü və taktiki cəhətdən ağıllı oynayan komandadır. Rəqibi təhlil etmişdik. Mərkəzdə top saxlayıb kənarlardan hücumlar qurmağa çalışdıq. Futbolçulara təşəkkür edirəm. Yolun başlanğıcındayıq. Əsas heyətdə birdən-birə 9 futbolçu dəyişib. Oyundan-oyuna xətlər arasında əlaqə daha yaxşı olacaq”.

Şahin Diniyev komandanın əsas hücumçusu və kapitanı Ağabala Ramazanovun start heyətində yer almamasına da münasibət bildirib:

“Bu, oyunun bir hissəsi idi. David Qomisi də start heyətdə buraxmaq istəmirdim. Onlar driblinq edən, fərdi olaraq yaxşı keyfiyətlərə malik futbolçulardır. İstəyirdim ki, ikinci hissədə Ağabaladan yararlanım”.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə məğlub olduqları matçla bağlı bunları dilə gətirib:

“Şəhriyar Rəhimovun ailəsinə səbr diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir.

“Səbail”in əks-hücumlara bel bağladığını bilirdik. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var.

Sərtan Taşkın inandığımız futbolçulardandır. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunuçun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: