Premyer Liqanın 2022/2023 mövsümünün sonuncu – 36-cı turunun “Şamaxı” ilə oyunu “Səbail”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “dənizçilər” bu rəqiblə doğma meydanda qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Bakı klubu bu vacib oyunda 3 xal qazanmaqla mövsümü 9-cu yerdə başa vurub.
“ASCO Arena”dakı matç paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Belə ki, 57 yaşlı mütəxəssis Premyer Liqada 200-cü oyununu keçirib.
O, 2001/02 mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib. Sonradan “Rəvan” və “Kəpəz”i də çalışdıran mütəxəssis yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci məşqçidir. Diniyevin komandaları bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.