“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 14-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Gərgin və əsəbi oyun getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqədə yaxşı idik. İki qol vəziyyətindən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə, futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik. Əsəbi futbol oynayırdıq. Bu üzdən futbolçularım bacardıqlarını edə bilmirdilər. Komanda sanki bataqlığa batmışdı, çıxa bilmirdi. Fasilədə oyunçuların psixoloji durumunu yaxşılaşdırmağa, onları sakitləşdirməyə çalışdım. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün turnir cədvəli baxımından vacibdir. Bu mövsüm keçirdiyimiz 15 oyunu analiz etsək, bəlkə də 3 pis oyunumuz olub. Bunlar “Qəbələ” ilə səfərdəki, “Araz-Naxçıvan”la evdəki və bugünkü oyunlarımızdır. Razıyam ki, bu gün layiqli, yaxşı futbol oynaya bilmədik”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə heç-heçə ilə bağlı bunları söyləyib:
“Hər iki hissədə dominant futbol oynamağa çalışdıq. Qol epizodlarını reallaşdırmayanda, belə toplar buraxırsan. Əslində, bu gün müdafiədə çox yaxşı oynadıq. Hücumda da çoxlu epizodlar yaradırıq, amma yararlana bilmirik. Bu gün müdafiədə böyük səhvlər görmədim. Buraxdığımız kimi bəxtsiz qollar da futbolda olur. Ötən oyunda “Neftçi”yə sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Qol vurmaq üzərində çox işləməliyik. Bəlkə də, çempionatın digər oyunlarında bu qədər qol epizodlarımız olmamışdı. Yanılmıramsa, 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik. Axsayan yerlərimiz var. Qışda transferlər reallaşdırmağa çalışacağıq. Tapa bilməsək, yolumuza bu heyətlə davam edəcəyik. Orta xəttə, 8 və 10 nömrə mövqeyinə futbolçular axtaracağıq. Bunların yerli futbolçu olmasını da istərdik ki, rotasiyalar edə bilək. Amma bu gün heç kim yaxşı yerli futbolçusunu bizə verməz”.


