“Qəbələ”nin bu ilin yayında heyətinə qatdığı Salihu Nasiru 20 yaşadək futbolçular arasında dünya çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Çilidə 20 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil edilmiş U-20 dünya çempionatı keçirilir.
“Qəbələ”nin futbolçusu Salihu Nasirunun formasını geyindiyi Nigeriya millisi qrup mərhələsinin 2-ci turu çərçivəsində Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. “Super qartallar” bu oyunda 3:2 hesabı ilə qələbə qazanıblar. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumbiya yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, nigeriyalılar ilk turda Norveç yığması ilə qarşılaşmış və 0:1 hesabı ilə məğlub olmuşdular. Həmin oyunda da əsas heyətdə meydana çıxmış Nasiru 78-ci dəqiqədə əvəzlənmişdi.
Salihu Nasiru “Qəbələ”yə bu yay transfer edilib. Amma ona hələ yeni klubunda debüt etmək qismət olmayıb.


