Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Şamaxı” klubunda rəhbərliklə məşqçilər heyəti arasında iclas keçirilib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, toplantıda 2023/24 mövsümünün planları, klubun strategiyası müzakirə edilib.
Alınan qərara əsasən məşqçilər – Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynovla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Buna məşqçilərlə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olması səbəb göstərilib.
Hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirib. Onun müqaviləsinə də qarşılıqlı razılaşma ilə xitam verilib. Yeni mövsümdən “Sumqayıt”da çalışacaq Anar Niftəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, yeni klubunda uğurlar dilənib.
Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.
Eyni zamanda, komandanın oyunçuları Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılıblar. İcarə əsasında “Şamaxı”da parlaq mövsüm keçirmiş Cəlal Hüseynov isə karyerasını Bolqarıstanın “Arda” klubunda davam etdirəcək.
Əyalət təmsilçisi klubdan ayrılan oyunçulara təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, geridə qalan mövsümdə Premyer Liqanın sonuncusu olduğu üçün elitanı tərk edən “Şamaxı” qarşıdakı mövsümü Birinci Divizionda keçirəcək.


