Azərbaycan Birinci Liqasının qalibi olan “Şamaxı” cari mövsümü icarə əsasında əyalət klubunda keçirmiş iki futbolçusu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, Süleyman Damadayev və Elçin Qasmov da Şamaxının eyniadlı təmsilçisindən ayrılıblar.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Süleyman Damadayev müqavilə əsasında aid olduğu “Qəbələ”yə, Elçin Qasmov isə “Turan Tovuz”a geri dönüb.
Klub hər iki futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” bu gün qapıçı Əkpər Vəliyevlə də yollarını ayırdığını açıqlamışdı.


