Premyer Liqada 2024/2025 mövsümü öncəsi hazırlığını davam etdirən “Şamaxı” komandası daha bir yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, elita təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq.
Sözügedən komandalar iyulun 26-da Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər. Oyuna saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Əl-Yarmuk” iyulun 22-də Qəbələdə Premyer Liqamızın digər təmsilçisi “Kəpəz”lə də üz-üzə gəlmiş və 1:2 hesabıyla uduzmuşdu.
Xatırladaq ki, “Şamaxı” yay təlim-məşq toplanışında artıq üç yoxlama oyunu keçirib. Sözügedən komanda “Kəpəz”ə 2:1, “Pelikan”a 5:0, “Cəbrayıl”a isə 4:0 hesabı ilə qalib gəlib.
Yenidən Premyer Liqaya qayıdan şamaxılıları Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün açılış turunda “Sabah”la oyun gözləyir. Avqustun 4-də Şamaxıda keçiriləcək bu oyuna saat 17:30-da start veriləcək.


