“Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün Türkiyənin Antalya şəhərində yekun vurduqları təlim-məşq toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, o, son yoxlama oyunu və təlim-məşq toplanışı barədə klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Plana uyğun olaraq, bu gün Antalyada son yoxlama oyunumuzu keçirdik. Hava şəraitinə görə oyunun təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq. Bu gün bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridir. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.
Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah vətənə yola düşürük. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var”.
Xatırladaq ki, yanvarın 6-dan Antalyada toplanışda olan “Sumqayıt” qardaş ölkədə iki yoxlama oyunu keçirib. Samir Abasov ayın 12-də komandasını Rumıniyanın “Hermanştadt” klubu ilə görüşdə sınaqdan keçirmişdi. Həmin matçda 0:3 hesabıyla uduzan sumqayıtlılar bu gün sonuncu yoxlama oyununu keçiriblər. Bu dəfə Özbəkistanın “Soqdiana” komandası ilə qarşılaşan Azərbaycan təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
“Sumqayıt” qış fasiləsindən sonrakı ilk rəsmi matçını yanvarın 23-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək. Həmin oyuna saat 16:30-da start veriləcək.


