“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Oyuna pis başlamadıq. Hətta qol şansı da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi. “Qarabağ”a keyfiyyətdə uduzduq. Rəqibin futbolçuları əllərinə düşən fürsətlərdən yararlandı. Səviyyə fərqi həddindən artıq görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram.
Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Keyfiyyət öz sözünü dedi. Oyunçuların arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra danışmalısan.
Yerli futbolçular bu cür oyunlara cavab vermir. Bircə Emin Mahmudov buna istisnadır. Bizim yaralı yerimiz yerli futbolçulardır”.
Samir Abasov “Qarabağ”ın daha da gücləndiyini sözlərinə əlavə edib: “Burada “Neftçi”nin də rolu olub. Azarkeşlər yaxşı ab-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar, daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularımız tələblərimizə cavab vermir. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi qoymalıyıq. Qarşılaşma başlayanda oyunçuların motivasiyaların olduğunu görürdük. Motivasiya və əhval-ruhiyyə əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onu düzəldə biləcək gücdə deyiləm”.
Qeyd edək ki, “Qarabağ” bu qələbə sayəsində “Neftçi” ilə xal fərqini artıraraq vahid liderliyi ələ keçirib. Hazırda Ağdam klubunun hesabında 20, “Neftçi”nin aktivində isə 17 xal var.


