“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir kİ, bu komandaların Sumqayıtda keçirilən oyununda meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Matçdan sonra baş tutan mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Şahin Diniyev “Zirə” ilə matçdan sonra demişdi ki, komandam 3-cü turda yaxşı oyun göstərəcək. Doğrudan da elə oldu. Şahin Diniyev təcrübəli məşqçidir. Onlar ötən turda “Neftçi”yə qarşı yaxşı mübarizə aparmışdılar. “Səbail” biz də daxil olmaqla bir çox komandadan xal alacaq. Gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələr xeyrimizə olacaq.
Şahin Diniyevlə tamamilə razıyam. Fikirləşirəm ki, bugünkü matçın ədalətli nəticəsi elə heç-heçə idi. Futbolda belə şeylər olur.
Bu gün futbolçularımız həddindən artıq top itkilərinə yol verirdilər. Düşündüyümüz boşluqlardan istifadə edə bilmədik. Yeni transferlərimiz də tam hazır deyillər. Ümumiyyətlə, hazırlıqdan söhbət gedə bilməz. Uzun müddətdir futbolsuz idilər. Gündə iki dəfə fərdi məşq edirlər. Nə vaxta hazır olacaqlarını demək çətindir”.
Şahin Diniyev: “Oyunun ədalətli nəticəsi heç-heçə idi”
“Səbail”in baş məşqçisi Şahin Diniyev də oyundan sonra keçirilən mətbuat konfransında düşüncələrini paylaşıb:
“Belə oyundan sonra danışmaq çətindir. “Sumqayıt”ın haqqına girmək istəmirəm, amma bu matçın ədalətli nəticəsi heç-heçə idi. Düşünürəm ki, 1 xala layiq idik. Birinci hissədə qol fürsətlərindən istifadə edə bilmədik. Bəzi futbolçular təlim-məşq toplanışı keçməyiblər. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. Lüzumsuz, bəsit 2 qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yolumuza davam edəcəyik. Səhvləri minimuma endirmək üçün çalışacağıq. Komanda düzgün yoldadır”.


