Samir Abasov: “Belə səfər oyunlarına alışmamışıq”

Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasında 22-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bəlkə də belə səfər oyunlarına alışmamışıq. Qəbələ səfərlərinə artıq komanda öyrəşib. Şamaxıda oyun ilk dəfə idi. “Şamaxı” rəhbərliyinə təşəkkür edirəm ki, ilk oyunu “Neftçi” ilə saldılar. Futbolçular əziyyət çəkdi. Çoxdandır, süni örtüklü meydanda oynamırdıq. İlk hissədəki gərginliyin səbəbinin bu olub-olmadığını araşdıracağıq. “Sabah”la oyuna hazırlaşacağıq.

Futbolçu karyeram dövründə rayonlarda belə oyunları çox görmüşəm. Mənim üçün xoş oldu. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Başa düşürəm ki, gənc oyunçularımız belə şeylərə öyrəşməyiblər. Ona görə ilk hissədə oyundan qopdular. Fasilədən sonra öz ağırlığımızı qoya bildik. Bunun nəticəsində qələbə qazandıq. Bu gün həddən artıq xoş oldu. Ümid edirəm ki, gələcək oyunlarımız da bu ab-havada keçəcək”.

Samir Abasov iki turdu Yusuf Lavalı sonradan meydana buraxmaqlarına da aydınlıq gətirib: “Bu gün Yusuf Lavalı oynatmaq fikrimiz yox idi. O, bir müddət əvvəl zəhərlənmişdi. Özünə gəlməyə çalışır. 1-2 məşq buraxıb. Yenə məcburi oynadı. Oynamama səbəbi tam hazır olmamasıdır. Problemi sağlamlığı ilə bağlıdır. Hesabda öndə olsaydıq, ümumiyyətlə, meydana çıxmayacaqdı. Amma batdığını hesab edəndə əlində olan hər şeydən istifadə edirsən. Biz də məhz məcburiyyətdən, hesabda geridə olduğumuz üçün onu meydana buraxmalı olduq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: