Samir Abasov: “Biz bu gün meydanda yox idik”

Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Zirə” bu gün bizdən üstün idi. Biz heç nə göstərə bilmədik. Bu vəziyyəti anlamağa çalışıram. Artıq ikinci ildir ki, belə hallarla rastlaşırıq. Nəsə oynayasan ki, danışasan. Özümüz nəsə etməliyik ki, danışa bilək. Rəşad Sadıqov məndən daha çox danışa bilər. Çünki onun komandası daha yaxşı idi.

Eddi İsrafilov qırmızı vərəqə gördü. Amma xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Bəlkə də qırmızı almağa məcbur qaldı. Ümumiyyətlə, biz bu gün meydanda yox idik. Komanda oynamırsa, baş məşqçi günahkardır. “Eddi qırmızı vərəqə aldığı üçün xal itirdik” demək düz deyil. Günahkar bizik. Bu məsələlərə girməyək. Baş məşqçi mənəm. Çalışıram ki, vəziyyəti başa düşüm. Ötən il əla gedirdik. Futbolçular millilərə getdilər, gəldilər, “Sumqayıt”a 0:2 uduzduq.

Yığma Malta, Latviyaya uduzub, tənqidlər var. Bəlkə də millidən qayıdanlar oynamalı deyildi. Mənim günahım var. Digərləri oynasa, onların yerini verəcəklər? Bu da sualdır.

Son aylarda Emin Mahmudovun performansında düşüş var. Hansı ki, komandaya da təsir edir. Bəlkə də ötən ilkinin də təsiri var. İlin oyunçusu olub, diqqət ondadır. Bu gün “Neftçi”nin yükünü Buqrin və Kane ilə bölüşmür. Bəlkə bunun altından çıxa bilmir. Görünən odur ki, Eminin pis və ya yaxşı oynaması, bizə təsir edir”.

Samir Abasov Azər Əliyevin yerli statusda oynaya bilməməsinə də toxunub: “İki ay ərzində bu suala tutarlı cavab ala bilməmişəm. Bu, komandamıza təsir edir. Deyilənlərə görə, özü üçün də maraqlıdır, yığmada oynamaq istəyir. Ətrafında isə nələrsə baş verir. Nələr baş verdiyini çox yaxşı olar ki, klubdan, özündən və AFFA-dan soruşarsınız”.

Baş məşqçi Mirabdulla Abbasovun əvəzedici komandada olmasına da münasibət bildiirb: “O, bizə lazım deyil. Ona görə göndərmişik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: