Samir Abasov: “Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda qarşılaşdığı rəqibi ilə qolsuz bərabərliyə razılaşıb.

Samir Abasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücumlar… Arxaya oturmuş komandaya qarşı etməli olacağınız, hər şeyi etdik. Bəxtsizlik… O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizoda girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. İzahı olmayan məqamlardır. Söz tapa bilmirəm”.

Samir Abasov İmad Farajın zədəli olması və buna görə çox mübarizəyə girmək istəməməsi barədə suala da cavab verib:

“Zədəsi var idi. Amma səbəb bu deyil. İmadı tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. Foul etməmək qorxusu var idi. Çünki hər foul bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.

Hücumdakı dişsizliyə gəlincə, müdafiəçilərimiz də qol epizodları yaradırlar. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitəcək”.

Samir Abasovdan Vensan Abubakar açıqlaması

Samir Abasov “Neftçi”nin Vensan Abubakarı heyətinə qatmaq istəməsi barədə xəbərlərə də münasibət bildirib:

“Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiniz. Danışıqların getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, sonluğu yaxşı bitər. Nə deyim? Söhbətlər gedir. Amma futbolçu bura gəlib müqavilə imzalamayıbsa, nəsə demək olmur”.

Samir Abasov İfeanyi Metyunu transfer etmələrinə də şərh verib:

“Onun son klubu “Sürix”dir. Fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Nə vaxt meydana çıxacağına dair dəqiq gün deyə bilmərəm. Kimsə 5 günə, kimsə 10 günə formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq”.

Azər Həşimov: “Heç kim “Karvan”a 3 xal gözü ilə baxmasın”

“Karvan”ın baş məşqçisi Azər Həşimov isə heç-heçəyə belə şərh verib:

“Neftçi”nin gücü hamıya bəllidir. “Sumqayıt”la oyunlarını təhlil etmişdik. Fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçuları var. Onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardılar. Ən azından 1 xal qazanmaq istəyirdik, bunu da bacardıq. Futbolçularımı təbrik edirəm. “Neftçi”yə uğurlar arzulayıram.

Üç oyundur, birinci hissədə standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlərin üzərində çalışdıq. “İmişli”yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazanmışdıq. “Qarabağ”a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdılar. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim “Karvan”a 3 xal gözü ilə baxmasın”.

Azər Həşimov bu oyunda inamlı çıxışı ilə diqqət mərkəzinə düşmüş qapıçı Kamran İbrahimovun performansını da dəyərləndirib:

“Kamran son 3 oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sizə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il “Neftçi”də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə sona qədər mübarizə apardılar, inandılar ki, xal qazana bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: