Samir Abasov: “Hədəf Avropada mümkün qədər irəli getməkdir”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Macarıstan təmsilçisi ilə oyundan öncə bu gün təşkil olunmuş mətbuat konfransında bunları diilə gətirib.

“Sabah bizi maraqlı və ağır oyun gözləyir. Öz meydanımızda oynayırıq. Matça maraq böyükdür. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaq. İndi nəsə demək çətindir. Mövsümdə ilk oyunumuzdur. Vacib matçdır. Bir ildir bunun üçün mübarizə aparırıq. Sabah meydana ümidləri doğrultmaq niyyəti ilə çıxacağıq.

“Fehervar”ın necə güclü komanda, çətin rəqib olduğunu bilirik. Onların bir neçə oyununa baxmışıq. Komandaya gələnləri də nəzərə almalıyıq. İnanmıram ki, “Fehervar”da baş verənlər sabah həlledici olacaq. Ən önəmli amil öz oyunumuzdur. Rəqibdə heç nə dəyişməyib. Oyun üslubunda dəyişiklik yoxdur. Təhlükəli futbolçular komandada qalıb. Biz öz oyununuza köklənmişik.

Hesabın fərqi yoxdur. Bu, son nəticədə olmayacaq. İkinci oyun daha önəmli olacaq. İlk matçda bir-birimizi tanıyacağıq. Futbol hər yerdə eynidir. İnanmıram ki, rəqibin Azərbaycana gəlişinin gecikməsi oyuna təsir etsin. Başqa motivasiya ilə meydana çıxacaqlar”.

Samir Abasov avrokuboklardakı hədəfləri və transfer planları barədə suala da cavab verib:

“Mən həmişə qarşıma hədəflər qoymuşam. Hədəfimiz bacardığımız qədər irəli getmək olacaq. Heyətimiz avrokuboklar üçün yetərli deyil. Amma bu gün transferlərdən danışmaq üçün uyğun gün deyil”.

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov da mətbuat konfransında iştirak edib və qarşıdakı matçla bağlı fikirlərini açıqlayıb:

“Öz oyunumuzu fikirləşirik. Azarkeşlərimizi stadionda gözləyirik. Gücümüzə güc qatacaqlar. Meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” görüşü sabah – iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: