İki illik fasilədən sonra yenidən “Neftçi”nin baş məşqçisi təyin olunan Samir Abasov klub telekanalına müsahibə verib.
Arena.az xəbər verir ki, 46 yaşlı mütəxəssis yenidən paytaxt təmsilçisini çalışdıracağı üçün məmnunluğunu ifadə edib:
“Hisslərimi ifadə etmək çox çətindir. Sanki “Neftçi”dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. “Neftçi”yə qayıtdığım üçün çox xoşbəxtəm”.
Azərbaycan millisinin sabiq futbolçusu “ağ-qaralar”ın böyük klub olduğunu söyləyib:
“Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs “Neftçi”nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq “Neftçi” ilə döyünür. “Neftçi”ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq, hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür. Baş məşqçilər “Neftçi”yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilir. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır”.
Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib:
“Bir-iki oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidirlər. Bunun üçün müəyyən vaxt lazımdır. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra buradan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə bizim düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq”.
“Neftçi” düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır”
Samir Abasov komandada yer alan futbolçulara inandığını bildirib:
“Hansı klubda işləməyimdən asılı olmayaraq, mənim futbolçulardan gözləntilərim böyük olub. O futbolçuların məqsədləri böyükdürsə, mən də onlara öz gördüyüm işlə yardımçı olmağa çalışmışam. Yenə eyni düşüncədəyəm. Futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq. “Neftçi” kimi klub düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır”.
Abasov “Neftçi”nin böyük azarkeş ordusunun olduğunu qeyd edib:
“Ümumiyyətlə, böyük klubun böyük azarkeşi olur. Bu söz əsl bizim komandaya uyğun gəlir. Ürəyi “Neftçi” ilə döyünən minlərlə azarkeş var”.
Xatırladaq ki, Samir Abasov “Neftçi”nin baş məşqçi postunda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib. O, qarşıdakı 2 ildə “ağ-qaralar”ı çalışdıracaq. Azərbaycanlı məşqçi 2020-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına qədər də “Neftçi”yə rəhbərlik edib.


