Samir Abasov: “Olimpiakos”la cavab matçına tam hazırıq”

“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, Yunanıstan klubu ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk oyundan sonra artıq rəqib haqqında tam olaraq məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir.

İlk matçda uduzsaq da, cavab oyunundan öncə böyük ajiotaj var. Biz də ümidliyik. İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik, onların ümidini doğruldacağıq. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. Komandamız oyundan-oyuna artıracaq və daha yaxşı səviyyəyə gələcək. Bəzi üzücü məqamlar var. Amma itkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik. Bizi çox maraqlı görüş gözləyir.

“Dinamo” ilə oyundan sonra ot örtüyünün durumu barədə məsul şəxslərlə danışdıq, səbəbini izah etdilər. Bəzi məqam var ki, meydança istirahət etməlidir. Biz burada məşq edirik, bundan irəli gələ bilər. Üstəlik, isti hava şəraitində meydançaya baxmaq da çətindir. İnanıram ki, bundan sonra meydançanın durumu bizim istədiyimiz kimi olacaq. Düzdür, sabahkı oyun tam başqa formatda keçəcək. Amma inanıram ki, hər şey yaxşı olacaq.

Azarkeşlər çox aktivdirlər. Sosial şəbəkələrdə verdikləri dəstəkləri bizim üçün çox önəmlidir. Sabah oyun zamanı da bunun davamının gələcəyinə inanırıq. Onların bu dəstəyi futbolçuları istədiyimiz duruma gətirməkdə bizə kömək edir”.

Samir Abasov “Olimpiakos”un Bakıda məşqə çıxmaq istəməməsinə də münasibəıt bildirib: “Komandanın, baş məşqçinin iş prinsipi belədir. İnanmıram ki, bu, bizə qarşı atılan addımdır. Hansısa ölkəyə gedəndə biz də belə edə bilərik. Normal haldır. Bunu əlimizdə bayraq tutmaq istəmirik. Biz Yunanıstandakı oyunun davamını gətirmək, baxımlı oyunla azarkeşləri sevindirmək istəyirik. “Olimpiakos” kimi komandanın hansısa rəqibə qarşı belə düşüncədə olacağına inanmıram. Onların seçiminə hörmətlə yanaşıram”.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyununa saat 20:00-da start veriləcək. İlk oyunda Azərbaycan çempionu 0:1 hesabı ilə uduzub.