“Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində HJK-ya (Finlandiya) qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun keçdi. Bu bərabərlik rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HJK bir topla öndə olmayacaq. Düşünürdük ki, böyükhesablı məğlubiyyət olmasa, xarakterimizi ortaya qoyub, ordan sərfəli nəticə ilə gəlməliyik. Qapıçımızın zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey ikinci oyuna qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik.
Aqil Məmmədov “Olimpiakos”la matçdan əvvəl hərarət içində idi. Həm onun, həm də Eminin vəziyyəti o qədər də ürəkaçan deyil. Birinci dəfə deyil ki, belə hal olur. Onunla yanaşı, Mirabdulla Abbasovun da səhhətində problem var idi. Bəzi oyunçular 3 gün məşq edə bilmirlər. Belə dəyişikliklər edəndə çoxları üçün müəmmalı qalır. Sonlara yaxın komandada yorğunluq yarandı. Rəqibin 5 nömrəli müdafiəçiləri topla mükəmməl davranırdı. Uzun ötürmələrlə bizə çətin anlar yaşada bilirdi. Bəzən rəqib də səni geri çəkilməyə məcbur edir.
Bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi. Qınaqlara baxıb heyət qurmağımız düz olmaz. Sosial şəbəkədəkiləri otursaq, hərəsi bir heyət deyəcək. Kimi meydana buraxmaq baş məşqçinin edə biləcəyi yükdür. Xəyalı tanıyıram, onu çox istəyirik. “Neftçi” üçün böyük işlər görəcək. Sosial şəbəkədə məni də qınayanlar çoxdur. Bu, normal haldır.
Cavab oyunu süni örtüklü meydanda olacaq. Süni örtükdə oynamaq bizə çətin olacaq. Süni örtükdə məşq edib, oynayan komandalar orada özlərini daha yaxşı hiss edirlər. Çox uzağa getməyək. “Səbail”lə oyunlarda həmişə çətinlik çəkmişik. Çünki ora öyrəşiblər, orada tam fərqli oynayırlar. Mən özüm də futbolçu olanda süni örtükdə məşq etdiyimiz zaman orada oynamaq rahat olurdu. İki gün əvvəl gedib ora öyrəşməyə çalışacağıq. Həmişə təbii örtükdə məşq edən komandanın süni örtükdə məşq etməsi zədələrə yol aça bilər. Kaxaber Sxadadzenin vaxtında da bunu yaşamışıq. Həmçinin bunun acı fəsadlarını çox görmüşük.
Rəqib 24 futbolçu ilə bura gəlir. Bu da onlara hər cür rotasiya etmək imkanı verir. Biz isə əlimizdəki heyətdə sistemi, oyunçuların yerini dəyişə bilərik. Bu üzdən bizi təhlil etmək çox asandır. Müdafiədə bəzi boşluqlar verdik. Öz oyunumuzu göstərdikdən sonra kimin bizi təhlil etməsi önəmli olmayacaq. Öz oyunumuzu tutmuşuqmu? Xeyr. Oyunumuzu artırdıqca kimlərin bizi analiz etməsi önəmli olmayacaq.
Namiq Ələsgərov Türkiyəyə gedib. Üzünə qoyulacaq maska orada yoxlanılacaq. Ardından bura gələrək məşqlərə qoşulacaq.
Transferlə bağlı işlər gedir. Gec olsa da, axtarışdayıq. 3-4 danışdığımız hücumçu olub. Adamlar bura gəlmək, masa arxasına oturmaq istəmirlər. Bu, bizim klubdan qaynaqlanmır. Ümumi durumla bağlıdır. Geniş siyahıda oyunçu göstərilir. Səhərə qədər baxırıq, birinin üzərində dururuq. Bir həftə, 15 gün yalvarırsan, proses davam edir, menecerlərlə danışırsan. Fikirləşirik ki, bir neçə günə buradadırlar. Hətta bəzi oyunçularla özüm şəxsən danışmışam. “Gəlirəm” deyirlər, axırda gəlib çıxmırlar. Bəzi məqamlar var. Əlimizdə olan imkanlara görə addımlamaq məcburiyyətindəyik. Transferlər yüz faiz olacaq. Oyunçu çatışmayan mövqelərimiz var”.


