“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.
Arena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən “Sumqayıt” bu raundda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.
Azərbaycan təmsilçisi bu rəqibə qarşı ilk oyununu iyulun 25-də doğma meydanda keçirəcək. Cavab qarşılaşması isə avqustun 1-də Macarıstanda baş tutacaq.
Samir Abasov bu komanda ilə rəqib olmalarına belə münasibət bildirib:
“Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma təbii ki, biz də oyuna uduzmaq üçün çıxmayacağıq. Qarşıda bir aydan çox vaxtımız var. Rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb, matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram”.


