Samir Abasov: “Sabah”la oyun bizim üçün dərs olmalıdır”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 2-ci turundan təxirə salınmış “Sabah”a qarşı oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Heç vaxt bizi dəstəksiz qoymurlar. Bu gün qazandığımız qələbəni də şəxsən mən azarkeşlərimizə həsr edirəm. Onlara halaldır. Oyuna gəldikdə isə, “Sabah”a qarşı bir neçə gün öncə keçirdiyimiz matçı analiz etmişdik. Həmin matçdan sonra oyunçularımız həddindən artıq qəzəbli idilər. Düşünürdüm ki, 1-2 saat sonra oynasaydıq, udardıq. Futbolçular məğlubiyyətə görə çox məyus olmuşdu. Təhlillər apardıq. Ötən il qollar vurmurduq, bu il vururuq. Keçən il bu cür komandalarla matçlarda əziyyət çəkirdik. İndi qələbə qazandıq. Buna görə də şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq. Getdikcə, 60-70 dəqiqə tempi saxlaya bilirik. Daha da yaxşı olacağımıza inanıram”.

Samir Abasov komandasının 10 turda 14 xal qazanmasını müsbət nəticə adlandırıb: “Bizim kimi komandaya görə müsbət haldır. Daha da artıra bilsək, möhkəm komandaya çevrilə biləcəyik”.

“Sabah”ın baş məşqçisi Murad Musayev isə komandasının məğlubiyyətini belə şərh edib:

“İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq. Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik. Bu gün isə imkanlarımızdan aşağı çıxış etdik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: