Samir Abasov və Murad Musayevdən “Sabah” – “Neftçi” matçına şərh

Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmaq, uğurlu seriyanı davam etdirmək istəyirdik. Bu qələbə komandaya gələcək matçlar üçün əlavə motivasiya olacaq. Hələ görüləcək işlərimiz çoxdur. Bu, meydanda sezilir. Futbolçularımı ürəkdən təbrik edirəm.

Müdafiə xəttindəki oyunçuların çıxışını xüsusi qeyd edərdim. Bu gün orta sahədəki üstünlüklə yanaşı, müdafiədə də yaxşı mübarizə apardıq, bu baxımdan rəqibə uduzmadıq. Ümumi komanda şəklində lazımi anda futbolçular bir-birlərinə yaxın oldular, rəqibə çox boşluq vermədilər. İki mərkəz müdafiəçimiz və qapıçımız bu gün çox əziyyət çəkdilər. Həm müdafiəni, həm də orta sahəni nəzarətdə saxladılar”.

Samir Abasov ölkə kubokunda məhz “Sabah”la görüşdəki gərginliyin bu dəfə təkrarlanmaması üçün futbolçularla söhbətlər aparıldığını sözlərinə əlavə edib: “Qətiyyətlə tapşırılmışdı ki, təxribatlardan, futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Bu gün də həddindən artıq sərt oyun getdi. Bu, qınanılası şey deyil. Buna səbrlərini basdılar, üzüağ çıxdılar. Şükürlər olsun ki, buradan söz-səhbətsiz gedirik. Ölkə kubokundakı qarşılaşmanın birinci hissəsi bizim adımıza fiasko idi. Bu, reallıqdır. Həmin oyuna baxanda bu gün pis deyildi. Sadəcə, mübarizə və anında qərarlar yerində oldu, çox şeyi düz yerinə yetirdik. Qalibiyyət də bunun nəticəsi idi”.

“Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”

Sabah”ın baş məşqçisi Murad Musayev isə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Meydanda gərgin mübarizə gedirdi, hər iki komandanın qələbə qazanmaq şansı var idi. Ardıcıl 3 matçdır eyni ssenari ilə üzləşirik. Birinci hissəni yaxşı keçiririk, ikinci yarının əvvəlində rəqibin ilk hücumunda qol buraxırıq. Buraxdığımız toplar çox sadə, asan qollar olur. Yenidən oyuna dönə bilmədik. Yaxşı imkanlarımız oldu. Məyusedicidir ki, rəqibin yalnız bir təhlükəli anı oldu”.

Rusiyalı mütəxəssis son üç görüşdəki məğlubiyyətin səbəbini də açıqlayıb: “Üç oyunda uduzmuşuq. Baş verənlərlə bağlı məmnun ola bilmərəm. Ona görə də, belə çıxır ki, istədiyim komandanı hələ formalaşdıra bilməmişəm. Bu görüşlərin ikinci hissəsində qol buraxaraq uduzmağımızın səbəbi yəqin ki, düşüncə ilə bağlıdır. Birinci hissəni yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək müəyyən mənada başla bağlıdır. Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”.

Murad Musayev avrokuboka vəsiqə şanslarının az və tükənmək üzrə olduğunu vurğulayıb: “Hər oyunçu itkisi bizim üçün çətindir. Kristian Sebalyosun 4 aylıq sıradan çıxması, Xulio Sezar Rodrigesin, Xuan Kamaranın yoxluğu hücumda kəsərliliyimizin az olmasına səbəb olur. Zədəli futbolçularımızın növbəti turda da iştirakı çətin görünür”.

Xəbəri sosial şəbəkələrdə paylaş: