Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti oldu

Futbol üzrə Kamerun milli komandasının sabiq hücumçusu Samuel Eto ölkəsinin futbol federasiyasının prezidenti seçilib. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

40 yaşlı keçmiş futbolçu səsvermədə 43 səslə qalib olub və Kamerun futbolunun yeni rəhbəri olub.

Eto karyerası ərzində “Real”, “Leqanes”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” və “Qətər” klublarında forma geyinib. O, Kamerun yığmasında da 118 oyun keçirib, 56 qola imza atıb.

Eto üç dəfə İspaniya çempionu və UEFA Çempionlar Liqasının, bir dəfə İtaliya çempionatının qalibi olub. O, iki dəfə İspaniya və İtaliya kuboklarının, İspaniya super kubokunun sahibi, bir dəfə İtaliya super kubokunun da qalibinə çevrilib. Kamerunlu hücumçu bir dəfə klublararası dünya çempionatında da qızıl medallara layiq görülüb. O, dörd dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: