“Qəbələ”nin iki futbolçusu – Samuel Tetteh və Ülvi İsgəndərov “Araz-Naxçıvan”la qarşıdakı oyunda forma geyinə bilməyəcəklər.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la ev oyununun hazırlıq prosesini başa vurub. Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, sabah – mayın 19-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasına saat 16:00-da start veriləcək.
Bu, komandalar arasında 7-ci duel olacaq. Qəbələ şəhər stadionundakı görüşə qədər rəqiblər 6 dəfə qarşılaşıblar.
Hərəyə 2 qələbə qazanan komandalar iki dəfə heç-heçə edib. “Qəbələ” top fərqində üstündür – 10:8.
“Qırmızı-qaralar”ın bu matçlardakı bombardirləri Samuel Tetteh və Osama Xalayladır. Onlar hərəyə 2 dəfə fərqlənib.
Əvvəlki matçların üçü Premyer Liqa, üçü kuboka təsadüf edib. Çempionatda bir heç-heçəsi olan “Qəbələ” iki görüşdən xalsız ayrılıb. Bu qarşılaşmalarda 2 qol vuran “Qəbələ”nin futbolçuları 7 top buraxıblar.
“Qəbələ” üç ev oyunundan ikisində qalib gəlib, birindən məğlub ayrılıb. Öz meydanında 8 qol vuran komanda 4 top buraxıb.