“Qəbələ”nin sol cinah vingeri Samuel Tetteh Azərbaycan Premyer Liqasının 25-ci turunda “Səbail”ə qarşı oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, “Qəbələ” artıq bu görüşün hazırlığını başa vurub.
Əyalət təmsilçisində Samuel Tetteh bərpa prosesi keçib. O, fərdi məşqlə kifayətlənib. Bu üzdən də qanalı legionerin “dənizçilər”ə qarşı forma geyinməyəcəyi dəqiqdir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçına saat 16:00-da start veriləcək.
Bu, rəqiblərin 30-cu dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” üstünlüyə malikdir. İndiyə qəqər keçirilən 29 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 7 dəfə qalib gəlib. Rəqib qapısından 52 top keçirən “Qəbələ” futbolçuları 33 qol buraxıblar. Ülvi İsgəndərov və Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurublar.
“Qəbələ” indiyə qədər “Səbail”lə 25 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 7 dəfə xalsız qalıblar. Əyalət təmsilçisi top fərqində də öndədir – 43-29.
“Qəbələ” 15-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyə qədər Qəbələnin eyniadlı komandası evdəki 14 görüşdə 10 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Meydan sahiblərinin 31 qol vurduğu görüşlərdə qonaqlar 11 dəfə fərqləniblər.
Qeyd edək ki, “Qəbələ” hazırda 15 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu – 10-cu pillədə qərarlaşıb. “Səbail” isə 34 xalla 6-cıdır.


