“Qəbələ”nin futbolçuları Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev Premyer Liqanın 26-cı turunda “Sabah”a qarşı oynamayacaqlar.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qəbələ” Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”la qarşılaşacaq. Əyalət təmsilçisi səfərdə baş tutacaq bu görüşün hazırlığını başa vurub. Sözügedən komandanın heyətində Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər. Bu üzdən də onların qarşıdakı matçda iştirakı gözlənilmir.
Xatırladaq ki, sabah “Masazır Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” matçına saat 17:30-da start veriləcək.
Bu görüş iki komanda arasında 26-cı matç olacaq. Buna qədər rəqiblər ümumilikdə 25 dəfə görüşüblər. Əvvəlki oyunlarda “Qəbələ” 10 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib. Qalan 12 oyunda isə “Sabah” qələbə qazanıb. Rəqib qapısına 27 qol vuran “Qəbələ” futbolçuları 38 top buraxıblar.
“Qəbələ”nin heyətində Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.
İndiyə qədər keçirilmiş 25 matçdan 21-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 6 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 12 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 36:19.
“Qəbələ” səfərdəki 13 görüşdə 5 dəfə qaib gəlib. Digər 8 matçda meydan sahibləri qələbə qazanıblar. Bu oyunlarda top fərqində də paytaxt klubu öndədir – 23:13.


