Futbol üzrə Haiti yığmasının baş məşqçisi Sebastyen Minye Azərbaycan millisi ilə yoxlama oyunundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, millimiz sabah Sumqayıt şəhərində Haiti yığmasını qəbul edəcək.
Bu gün oyundan öncə rəqib komandanın mətbuat konfransı keçirilib. Mətbuat konfransında Sebastyen Minye ilə yanaşı, Yunanıstanın AEK klubunun hücumçusu Frantsdi Pyero da iştirak edib.
Fransalı mütəxəssis əvvəlcə bunları söyləyib:
“Azərbaycan millisi ilə oyundan yalnız qələbə gözləyirik. Amma sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropadakı təlim-məşq toplanışımızın son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.
Azərbaycan millisi ilə tanışıq. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.
Heyətlə bağlı müəyyən fikirlərim var. Hələ daha bir məşqimiz olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəyəm”.
Frantsdi Pyero isə bunları dilə gətirib:
“Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.
Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq”.


