Sepp van den Berq “Liverpul”u “Maynts”a dəyişdi

Niderlandın U-21 yığmasının və İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi Sepp van den Berq Almaniya “Maynts”ına keçib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı futbolçu 2024-cü ilin 30 iyununa qədər icarəyə götürülüb. Satınalma ilə bağlı heç bir razılıq əldə olunmayıb.

Sepp van den Berq Niderlandın “Zvolle” klubunun yetirməsidir. O, “Liverpul”a 2019-cu ilin iyul ayında 1,9 milyon avro qarşılığında keçib. İngiltərə klubunun əsas komandasında 4 oyun keçirmiş futbolçu daha öncə “Preston Nort End” və “Şalke”də də icarədə olub. Daha öncə U-19-da oynamış müdafiəçi 2021-ci ildən Niderlandın U-21 yığmasında çıxış edir.

“Maynts” “Saarbrüken”dən qapıçı Daniel Batsı da transfer edib. 32 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Alman qapıçı 2017-ci ildən formasını geyindiyi bu komandada 217 oyun keçirib. O, daha öncə “Elversberq”, “Çemnitser” və “Frayburq” kimi klubların da formasını geyinib.

Bundesliqa təmsilçisi Cənubi Koreyadan olan yarımmüdafiəçisi Li Jae Son ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı futbolçunun yeni sözləşməsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti gələn ilin yayında bitəcəkdi. 2021-ci ildən “Maynts”da çıxış edən Son, bu komandada 66 oyuna çıxıb, 11 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Holştayn Kil” və “Jeonbuk” klublarında da çıxış edib. Təcrübəli yarımmüdafiəçi Cənubi Koreya yığmasında 71 oyun keçirib, 9 qol vurub.

“Maynts” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Belə ki, danimarkalı hücumçu Markus İnqvartsen Almaniya klubundan ayrılaraq ölkəsinə qayıdıb və “Nordsyeland”la müqavilə bağlayıb. 27 yaşlı forvard “Maynts”da 58 oyun 19 qol vurub.

Marlon Mustafa İtaliyanın “Komo” klubuna keçib. Avtriyadan olan 22 yaşlı hücumçu “Maynts”da 6 oyun keçirsə də, qol vura bilməyib.

Kaito Mizuta isə Almaniyanın digər klubu “Arminiya”ya (Bilefeld) keçib. Yaponiyadan olan 23 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: