Futbol üzrə Benin milli komandasının dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda “Neftçi”yə transferi ilə bağlı ilk təəssüratlarını paylaşıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu paytaxt klubunun mətbuat xidmətinə açıqlamasında öncə bunları söyləyib:
“Neftçi”dən mənə təklif gələndə özümlə qürur duydum. Bu, məni çox sevindirdi”.
Geridə qalmış mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirmiş D’Almeyda “Neftçi” haqqında Ervin Koffidən eşitdiyini bildirib:
“Komandamla çox yaxşı mövsüm keçirmişdim. Düşünürəm ki, zəhmətim bəhrəsini verdi. Öz üzərimdə çox çalışıb, fədakarlıq etmişdim. Nəticədə belə bir təklif aldım. Cəmi 2 gün burada olduğuma baxmayaraq, hər şey ürəyimcədir. Bakı çox gözəl şəhərdir, məndə xoş təəssürat yaratdı. Bura çox gözəl ölkə təsiri bağışlayır. “Neftçi” haqqında əvvəllər eşitmişdim. Burada oynayan dostum Koffi var. İlk dəfə klub barədə ondan eşitmişdim. Sonra özüm araşdırma apardım. Mənə dedilər, bu, Azərbaycanın, xüsusilə Bakının tarixi klubudur”.
Sessi ən güclü tərəfləri barədə də açıqlama verib: “Ən güclü xüsusiyyətim topu qazanmaqdır. Mən dayaq yarımmüdafiəçisiyəm və bu baxımdan komandanın daha aqressiv olmasında, topun geri alınmasında hücuma qoşulmada çox kömək edə bilər. Qətiyyətliyəm, bu, mənim əsas xüsusiyyətlərimdən biridir”.
Xatırladaq ki, D’Almeyda “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb.
Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir: “Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”.
D’Almeyda geridə qalmış 2024/2025-ci illər mövsümünü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. Onun bu klubla 2026-cı ilin 30 iyununadək müqaviləsi vardı. Yarımmüdafiəçi Kipr klubunda 34 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub.
Sessi D’Almeyda 39 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.


