Albaniya Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Silvinyo ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə qurumun saytına istinadən xəbər verir.
Braziliyadan olan 50 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin dekabrına kimi nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti Almaniyadakı Avropa çempionatının (AÇ-2024) sonuna kimi idi.
Silvinyonun qarşısına qoyulmuş yeni hədəflər də açıqlanıb. O, Albaniya yığması ilə həm UEFA Millətlər Liqasında uğur qazanmalı, həm də 2026-cı il dünya çempionatına (DÇ-2026) vəsiqə əldə etməlidir.
Xatırladaq ki, Silvinyo 2023-cü ilin yanvar ayından Albaniya millisini çalışdırır. O, bu müddət ərzində komandanı 16 oyuna çıxarıb. Albanlar bu görüşlərdə 7 qələbə qazanıblar, 4 heç-heçə ediblər, 5 məğlubiyyətə üzülüblər.
Albaniya yığması AÇ-2024-də qrup mərhələsini adlaya bilməyib. Sözügedən komanda sonda çempion olan İspaniya yığmasının, eləcə də İtaliya və Xorvatiya millilərinin yer aldığı B qrupunda 1 xalla sonuncu olub.
Silvinyo Albaniya yığmasından öncə 2019-cu ildə Lion “Olimpik”ində, 2021-2022-ci illərdə isə “Korintians”da baş məşqçi kimi çalışıb.



