Tərlan Əhmədli “Turan Tovuz”u “Araz-Naxçıvan”a dəyişdi

Son iki mövsümü “Turan Tovuz”da keçirmiş qapıçı Tərlan Əhmədli bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik anlaşmaya imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər bu komandada çıxış edəcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” dünən “Qəbələ”dən Ürfan Abbasov və Ülvü İsgəndərovu, həmçinin “Neftçi”dən Ömər Buludovu da heyətinə cəlb etmişdi. Onlarla da 1 illik müqavilə imzalanıb.

Tərlan Əhmədli 2022-ci ilin iyul ayından “Turan Tovuz”da çıxış edirdi. O, geridə qalmış 2023/2024 mövsümündə cəmi 3 oyunda forma geyinib. Tərlanın “Turan Tovuz” karyerası bütövlükdə 32 oyun, 40 buraxılmış qol və 12 “quru” matçdan ibarətdir. Əhmədli vaxtilə “Sabah”, “Xəzər Bakı”, “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: