Yeni mövsümdə də “Kəpəz”də qalacağını açıqlayan baş məşqçi Tərlan Əhmədov Gəncə təmsilçisindən göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klub rəhbərliyi qərar qəbul edib.
Belə ki, bu gün “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib. İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.
Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib.
İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.
Bu isə o deməkdir ki, klub rəhbərliyi komandanı elitada saxlamağı bacaran Tərlan Əhmədovu baş məşqçi postunda saxlamağa ehtiyac duymayıb.
Xatırladaq ki, Tərlan Əhmədov geridə qalan mövsümün gedişində – 2022-ci ilin sentyabr ayında “Kəpəz”in baş məşqçisi təyin olunmuşdu. O, Gəncə təmsilçisini 35 oyuna çıxarıb. Komanda bu matçlarda 7 qələbə qazanıb, 15 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.
51 yaşlı mütəxəssis daha öncə “Keşlə” (indiki “Şamaxı”), “Neftçi” və AZAL-da da baş məşqçi kimi çalışıb.
“Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov isə 2022-ci ilin dekabr ayından “Səbail”də baş məşqçi Şahin Diniyevin köməkçisi vəzifəsində çalışır. O, yeni təyinatla əlaqədar “dənizçilər”lə yollarını ayırmalı olacaq. 47 yaşlı məşqçi daha öncə “Qarabağ”ın akademiyasında və “Zirə”nin əvəzedici komandasında da çalışıb.


