İlk dəfə keçirilən “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tanzaniya və Monqolustan yığmaları üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar Bakıda qarşılaşıblar.
Mərdəkandakı “Dalğa Arena”da baş tutan bu oyunda tanzaniyalılar üstün olublar. Afrika təmsilçisi rəqib qapısından 3 cavabsız top keçirib.
Monqolları ilk olaraq 49-cu dəqiqədə Kelvin Con məyus edib. 62-ci dəqiqədə Abdul Süleyman hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni isə 76-cı dəqiqədə Novatus Miroşi qoyub – 3:0.
Xatırladaq ki, Monqolustan yığması bu turnirdəki ilk oyununda Azərbaycan yığmasına 0:1 hesabıyla uduzmuşdu. Tanzaniya millisi də Bolqarıstan yığmasıyla qarşılaşmada oxşar hesabla məğlub olmuşdu.
Bakıdakı turnirin son matçı isə Azərbaycan və Bolqarıstan yığmaları arasında keçirilir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bu oyuna saat 20:00-da start verilib.


