Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi münasibətilə xüsusi yoldaşlıq qarşılaşması təşkil olunacaq.
Arena.az xəbər verir ki, yubiley matçında Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) komandalarının veteranları üz-üzə gələcəklər.
Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, “Neftçi” ilə “Spartak” arasındakı qarşılaşma oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüşə saat 12:00-da start veriləcək.
Bu matçın keçirilməsi ilə stadionun tarixində xüsusi yer tutan hadisələrdən biri də xatırlanacaq. Belə ki, arena 1951-ci ildə istifadəyə verilərkən ilk qarşılaşma məhz “Neftçi” və Vilnüs “Spartak”ı arasında baş tutub.
Beləliklə, 75 il əvvəl stadionun açılışında meydana çıxmış komandaların veteranları yubiley münasibətilə yenidən eyni arenada bir araya gələcəklər.


