Toral Bayramov: “Bu əzm və istəklə davam etsək…”

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Toral Bayramov ötən gecə Fransa yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə keçirilmiş Fransa – Azərbaycan matçı millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Toral Bayramov matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Oyunla bağlı qeyri-adi nəsə deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Kiminlə oynadığımız bəllidir. Oyundan qabaq danışmışdıq ki, meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Əlimizdən gələni də, gəlməyəni də etdik. Təəssüf ki, uduzduq. İnanıram ki, bu istəklə, bu əzmlə davam etsək, yaxşı nəticələr əldə edəcəyik.

Fransa millisi daim hücumda olan komandadır. Bu tempə öyrəşmək lazımdır. Bizim çempionatda bu dərəcədə sürət olmur. Fikrimcə, bizim üçün faydalı matç oldu. İnşallah, gələcəkdə daha da yaxşı olacağıq”.

Toral Bayramov qarşıdakı Ukrayna ilə matçdan gözləntisini də paylaşıb:

“Bu gündən etibarən həmin oyuna hazırlaşacağıq. Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik, əzmkar mübarizə aparacağıq. Bir neçə mövqedə oynamaq mənə çətin olmur. Çünki artıq öyrəşmişəm. Baş məşqçi harada məsləhət görürsə, orada canla-başla oynayıram və komandaya xeyir verməyə çalışıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: