Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın cinah müdafiəçisi Toral Bayramov Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Futbolçunun millidən ayrılmasına onun zədələnməsi səbəb olub. Baş məşqçi Ayxan Abbasov onun əvəzinə başqa futbolçuya dəvət göndərməyə ehtiyac duymayıb.
Xatırladaq ki, Azərbaycan millisində daha öncə Elvin Cəfərquliyev də səhhətindəki problemlərlə əlaqədar heyətdən kənarlaşdırılmışdı. Mahir Emreli isə ağır zədə aldığı üçün ümumiyyətlə milliyə cəlb edilməmişdi.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək.
Toral Bayramov 2021-ci ilin may ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 38 oyun keçirib. 24 yaşlı futbolçu bu oyunlarda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.


