“Qarabağ”ın müdafiəçisi Toral Məmmədov Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan yığmasının da üzvü olan 23 yaşlı futbolçu Bakıda baş tutan və 2:2 hesabıyla bitən oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 top keçirdik.
İkinci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüf ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik.
Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik.
Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də”.
Toral Məmmədov diqqəti qarşıdakı “Zirə” ilə çempionat matçına yönəltməli olduqları qənaətindədir: “Düzdür, ilk növbədə çempionat oyunu düşünməliyik. Yalnız “Zirə” ilə görüşdən sonra “Bayer”lə cavab matçına hazırlaşacağıq. Çalışacağıq ki, bu oyunun ardını səfərdə gətirək. Azarkeşləri yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer” komandası ilə doğma meydanda heç-heçə (2:2) edib. Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində baş tutacaq. Həmin oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


