“Traktor” Ərtoğrul Sağlam ilə vidalaşdı, Kurban Berdıyevlə anlaşdı

Cənubi Azərbaycanın “Traktor” klubu baş məşqçisi Ərtoğrul Sağlam ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.

Klub rəhbərliyi ona yeni 1 illik müqavilə təklif etsə də, 52 yaşlı məşqçi bununla razılaşmayıb. Bu üzdən də o, “İnstagram”dakı səhifəsində vida paylaşımı edib:

“İşə başladığımız ilk gündən yanımızda olan, dəstəkləriylə bizə güc verən tərəfdarlara vida vaxtının gəldiyini üzülərək bildirmək istəyirəm. Klub rəhbərliyi ilə önümüzdəki mövsümlə bağlı müzakirədə razılığa gələ bilmədik. Ümidlərin bitdiyi, qarışıqlıq və xaosun yaşandığı, klub tarixinin ən çətin dönəmində bayrağı bizə etibar edənləri üzmədiyimiz üçün sevinirəm. Bütün “Traktor” ailəsinə uğurlar arzulayıram və yaşana biləcək sıxıntılı dönəmlərdə yenə dəstəyimi əsirgəməyəcəyimi vurğulamaq istəyirəm”.

Xatırladaq ki, Ərtoğrul Sağlam bu ilin fevralından Cənubi Azərbaycan təmsilçisini çalışdırıdı. Komanda türkiyəli məşqçinin rəhbərliyi altında son mövsümü 16 iştirakçı arasında 13-cü pillədə başa vurub. Keçirdiyi 30 oyunda 31 xal toplayan Təbriz klubu elitadakı yerini çətinliklə qoruyub.

Ərtoğrul Sağlamın adı son günlərdə “Neftçi” ilə hallanmağa başlayıb. Ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenko ilə danışıqları uğursuz alınan paytaxt klubunda hazırda əsas namizəd məhz türkiyəli məşqçidir. Lakin onun da Bakı klubuna gəlib-gəlməyəcəyi hələ bəlli deyil.

Yeri gəlmişkən, “Traktor”un yeni baş məşqçisi də bəlli olub. İran mətbuatının iddiasına görə, Təbriz təmsilçisi Kurban Berdıyevlə anlaşıb. İki gün öncə Tehrana gedən rusiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşüb. Tərəflər arasında ilkin razılıq əldə olunub. Hazırda müqavilənin detalları müzakirə olunur.

İddiaya görə, yaxşı komanda formalaşdırmaq istəyən 70 yaşlı baş məşqçi istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Kurban Berdıyevin son iş yeri Qazaxıstanın “Kayrat” klubu olub. O, bir neçə gün öncə sözügedən klubla yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: