Futbol üzrə İran çempionatında mübarizə aparan Cənubi Azərbaycanın “Traktor” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Təbriz təmsilçisini bundan sonra türkiyəli mütəxəssis Ərtoğrul Sağlam çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb. Sağlamın köməkçiləri də türkiyəli mütəxəssislər olacaq. Bunu klubun baş direktoru Məsum Sohrabi açıqlayıb.
Ərtoğrul Sağlam 2018-ci ildə də “Traktor” klubunda baş məşqçi kimi çalışıb. Amma həmin vaxt onun bu klubdakı fəaliyyəti qısa sürüb. Sağlamın son iş yeri “Samsunspor” olub. 52 yaşlı mütəxəssis 2010-cu ildə “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub. O, “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” kimi komandalara da rəhbərlik edib.
“Traktorçular” bu mövsüm İran çempionatında uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 19 oyunda cəmi 15 xal toplayıb və 16 iştirakçı arasında 13-cü sırada qərarlaşıb.


