“Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi ötən gecə Burundi yığmasının heyətində növbəti oyuna çıxıb.
Arena.az xəbər verir ki, Burundi yığması Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Burkina Faso ilə qarşılaşıb.
Burkina Fasoda baş tutan ilk oyun Mossinin komandası üçün uğursuz alınıb. Belə ki, meydan sahibləri 4-cü dəqiqədə məğlub duruma düşdükləri bu oyunda 4:1 hesablı qələbəyə seviniblər.
Mossi bu görüşün 46-cı dəqiqəsində, hesab 1:3 olarkən meydana buraxılıb.
Bu komandalar arasındakı ikinci oyun 3 gün sonra Burundidə keçiriləcək.
Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 41 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.
Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub.
Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında cəmi 7 oyuna çıxıb.
“Qarabağ”da forma geyinən afrikalı futbolçular Patrik Andrade ilə Yassin Benzya isə ölkələrinin yığmasına dəvət alsalar da, meydana çıxmayıblar. Benzya Toqonu doğma meydanda 5:1 hesabıyla darmadağın etdikləri görüşdə sonadək ehtiyatda qalıb. Bu komandalar oktyabrın 14-də Toqoda cavab görüşünə çıxacaqlar.
Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması isə evdə Bostvanaya uduzub – 0:1. Patrikin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. Andrade və komanda yoldaşları oktyabrın 15-də Bostvanada keçiriləcək cavab görüşündə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışacaqlar.


