“Turan Tovuz” Futbol Klubu bəyanat yayaraq komandanın baş məşqçisi Kurban Berdıyevin istefaya göndəriləcəyi barədə xəbərləri təkzib edib.
Arena.az bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Son günlər klub haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlərin yayımlandığı vurğulanıb. Bəyanatda baş məşqçisi Kurban Berdıyev hazırda Azərbaycanda olduğu bildirilib:
“Mövsümün başa çatmasına baxmayaraq, baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək, daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq”.
Xatırladaq ki, “Turan Tovuz” başa çatan mövsümdə Azərbaycan Premyer Liqasını 55 xalla dördüncü pillədə başa vurub.


