Türkiyə Super Kubokunun qalibi bəlli oldu

Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, super kubok uğrunda “Beşiktaş” və “Antalyaspor” komandaları mübarizə aparıb.

Super Liqanın və ölkə kubokunun sonuncu qalibi olan İstanbul təmsilçisi, bu görüşdə də üstün olub. Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmada hesabı məhz “qara qartallar” açıblar. Amma görüşün sonlarında Antalya təmsilçisi hesabı bərabərləşdirməyi bacarıb. “Beşiktaş”ı hesabda önə keçirən Atiba Hatçinson avtoqol müəllifi də olub. Beləcə, matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişməz qaldığı üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” super kubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə super kubokda qələbəyə sevinib. İstanbul təmsilçisi daha öncə 1967, 1974, 1986, 1989, 1992, 1994, 1998 və 2006-cı illərdə bu mükafata sahib çıxmışdı. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə Super Kubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə.

“Beşiktaş” tarixində bir ilkə də imza atıb. Belə ki, İstanbul klubu ilk dəfə Türkiyə Super Liqasında, Türkiyə Kubokunda və Türkiyə Super Kubokunda ardıcıl zəfər yaşayıb.

Türkiyə Super Kuboku
5 yanvar

Beşiktaş – Antalyaspor 1:1 (penaltilər 4:2)
Qol: A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: