Bir neçə gün öncə ABŞ təmsilçisi “Di Si Yunayted”dən ayrılan İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 37 yaşlı mütəxəssis İngiltərənin “Birmingem Siti” komandasının baş məşqçisi təyin olunub.
Bu barədə Çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Onunla 3,5 illik müqavilə imzalanıb.
Runi bu komandanın baş məşqçisi postunda Con Yustası əvəz edib. Vurğulanır ki, Runinin Birmingemdəki maaşı komandanın əvvəlki məşqçisinin maaşından üç dəfə çox olacaq.
“Birmingem Siti” Çempionşipdə cari mövsümün geridə qalmış 11 turu ərzində qazandığı 18 xalla 6-cı pillədə qərarlaşıb. Çempionşipə 30 xalla “Lester Siti” liderlik edir.
Xatırladaq ki, Ueyn Runi 12 iyul 2022-ci ildə “Di Si Yunayted”in baş məşqçisi vəzifəsinə təyin edilmişdi. O, bu müddətdə MLS təmsilçisini 53 oyuna çıxarıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 13 heç-heçə edib, 26 oyunda isə məğlubiyyətə üzülüb. “Birmingem Siti” növbəti tur oyununu oktyabrın 21-də səfərdə “Midlsboro”ya qarşı keçirəcək.
Futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted”dəki çıxışları ilə məşhurlaşmış Runi, məşqçiliyə 2019-cu ildə başlayıb. Runi “Di Si Yunayted”dən əvvəl İngiltərədə “Derbi Kaunti”yə də rəhbərlik edib.


