Bu gün futbol üzrə Ukrayna kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Dnep-1” ilə qarşılaşıb. Əsas vaxtı heç-heçə (1:1) bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Polesye” 1/4 finala yüksəlib. Emil bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu mərhələdə Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdırıb. Futbolçumuzun komandası buna tək qolla nail olub – 1:0. Dmitri bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Obolon” Ukrayna Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 1-də səfərdə “Minay”la üz-üzə gələcək. “Polesye” isə həmin gün “Kolos”un qonağı olacaq.


